Xəbərlər siyahısına qayıt
“Hüquqlarımı tanıyıram, özümü qoruyuram!” adlı maarifləndirici tədbir keçirilib
news
12 noyabr 2026

“Hüquqlarımı tanıyıram, özümü qoruyuram!” adlı maarifləndirici tədbir keçirilib

Noyabrın 12-də M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Uşaq Hüquqları Aylığı” və 12 noyabr – Konstitusiya Günü ilə bağlı “Hüquqlarımı tanıyıram, özümü qoruyuram!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi uşaqları hüquqları barədə məlumatlandırmaq, onların hüquqi biliklərini artırmaq və uşaq hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işini gücləndirmək olub. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi Yunis Xəlilov uşaqlara hüquqları, həmin hüquqların müdafiə mexanizmləri və bu sahədə qüvvədə olan qanunvericiliyin əsas prinsipləri barədə ətraflı məlumat verib. O bildirib ki, hər bir uşaq yaşamaq, təhsil almaq, sağlamlığının qorunması, istirahət etmək, öz fikrini sərbəst ifadə etmək, eləcə də zorakılığın bütün formalarından müdafiə olunmaq hüququna malikdir. Hüquqşünas uşaqların öz hüquq və vəzifələrini bilməsinin, hüquqi məlumatlılığının artırılmasının onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Həmçinin qeyd edib ki, uşaq hüquqlarının qorunması yalnız ailənin deyil, dövlətin və bütövlükdə cəmiyyətin də əsas vəzifələrindəndir. Görüş zamanı uşaqların sualları cavablandırılıb, gündəlik həyatda qarşılaşa biləcəkləri müxtəlif situasiyalar əsasında hüquqlarının qorunmasının əhəmiyyəti izah olunub. Qarşılıqlı fikir mübadiləsi və interaktiv müzakirələr şəraitində keçən tədbir iştirakçıların marağına səbəb olub. Maarifləndirici görüşün ardından teatrın səhnəsində V. Rzayevin müəllifi olduğu “Cəsur dovşan” tamaşası nümayiş etdirilib. Rəngarəng səhnə tərtibatı, maraqlı obrazları və tərbiyəvi məzmunu ilə seçilən tamaşa uşaqlara xoş anlar bəxş edib. Qeyd edək ki, bu cür maarifləndirici və mədəni tədbirlərin keçirilməsi uşaqların hüquqi biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, eləcə də teatr sənətinə maraqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Foto Qalereya

Gallery 1
Gallery 2
Gallery 3
Gallery 4
Paylaş