
Naxçıvan Dövlət Kukla Teatrında “Mənim Zəfərim, Mənim Vətənim” adlı şeir müsabiqəsi keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Dövlət Kukla Teatrında “Mənim Zəfərim, Mənim Vətənim” adlı şeir müsabiqəsi təşkil olunub. Vətən sevgisinin, Zəfər qürurunun və qəhrəmanlıq salnaməsinin tərənnümünə həsr olunan müsabiqədə uşaqlar Vətənə, doğma torpağa, şəhidlərimizin əziz xatirəsinə və tarixi Qələbəmizə həsr edilmiş şeirlər səsləndiriblər. Tədbirdə Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Vətən sevgisinin gənc nəslə aşılanmasının vacibliyindən, eləcə də bu kimi tədbirlərin uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasındakı rolundan bəhs edib. Bədii qiraət nümunələri ilə yadda qalan müsabiqədə iştirakçılar öz istedad və bacarıqlarını nümayiş etdirərək Vətənə bağlılıq, milli qürur, qəhrəmanlıq və Zəfər sevincini poetik ifadələrlə tamaşaçılara çatdırıblar. İştirakçıların çıxışlarını münsiflər heyətinin üzvləri – Naxçıvan Dövlət Kukla Teatrının dram artistləri, Prezident mükafatçıları İlqar Babayev və Əfqanə Ələsgərova, eləcə də teatrın dram artisti Aysu Babayev qiymətləndiriblər. Müsabiqənin sonunda münsiflər heyəti tərəfindən iştirakçıların çıxışlarına qiymət verilib. Tədbirin əsas məqsədi uşaqların istedad və yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, onların bədii qiraət bacarıqlarını inkişaf etdirmək olub. Bununla yanaşı, müsabiqədə iştirak edən hər bir uşağa xüsusi diqqət və qayğı göstərilib. Belə ki, bütün iştirakçılara diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə Vətən sevgisini aşılamaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.











